Yapon jurnalist: “Ermənilərin Gəncədə törətdiklərini görəndən sonra müharibənin dəhşətlərini hiss etdim”

“Ermənilərin Gəncədə törətdiyi terroru görəndən sonra müharibənin dəhşətlərini hiss etdim”.

TribunaNews.Az  xəbər verir ki, bunu Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkən yapon jurnalisti Nori Sada deyib.

Media nümayəndəsi bildirib ki, Yaponiya mətbuatı Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb:

“Dağıntılar olan yerləri öz gözlərimlə gördüm və müharibənin dəhşətlərini hiss etdim. Raketin düşdüyü yerlərə baxdım. Hadisə zamanı 10 nəfər dinc sakin həlak olub, onların arasında uşaq da var. Hətta eşitdim ki, hamilə qadın da dünyasını dəyişib. Bizim üçün bu hadisə çox təsiredici və üzücüdür. Mən sizi çox yaxşı anlayıram”.

Xarici jurnalist qeyd edib ki, yapon mediası Qarabağ müharibəsi haqqında çoxlu yazılar dərc edib:

“44 günlük müharibə tam şəkildə bizim mediada işıqlandırılıb. Yapon xalqı mətbuat vasitəsilə müharibə barədə xəbərləri alandan sonra bir daha anladı ki, ermənilər Azərbaycan ərazilərində təcavüzkar hərəkətlər ediblər”.

Qeyd edək ki, Pakistanın və Yaponiyanın nüfuzlu media qurumlarının nümayəndələri Gəncə şəhərində səfərdədir. Onlar Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkiblər.

Media nümayəndələri “Qlobal Media”nın təşkilatçılığı ilə Gəncəyə səfər ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.