Fəhlə kimi çalışdığı dəyirmanı satın aldı: Bakılı milyonçunun evindən REPORTAJ + FOTO

Bakının memarlığı bənzərsizdir. Bəlkə bütün çoxəsrli şəhərlər barədə bunu demək olar, lakin Bakı Şərqin və Qərbin xarakteristik memarlıq xüsusiyyətlərini özündə çox məharətlə daşımağı bacarır. Müasir memarlıq nümunələrini əks etdirən tikililərin şəhərdə ucaldılması heç də əsrlərlə yaşı olan memarlıq şedevrlərini kölgədə qoya bilmir. Bu cəhətləri ilə Bakıda sadalaya biləcəyiniz yüzlərlə belə tikili var.

Lakin məqsədim Bakının “neft bumu” olan dövrünün xarakteristik tikililərinə fokuslanmaqdır. Paytaxtda əsl “neft bumu” XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövr Bakının memarlıq ənənələrinə də təsir etməklə ümumilikdə ölkənin taleyini müəyyən edib. Şəhərin memarlığında XIX əsrin ikinci yarısından başlayaraq köklü dəyişikliklər olub.

Memar Şamil Fətullayev-Fiqarova görə, Bakı 1880-ci ildən 1914-cü ilə qədər 25 il ərzində vahid memarlıq planında sanki birnəfəsə tikilib. Dövrün peşəkar memarları və böyük qismi neft maqnatlarından ibarət sifarişçilər şəhərin memarlıq palitrasını yaradıblar.

Bakının məhəllə və küçələrində müxtəlif stildə, əsasən klassik order üslublarında, qotika və modern tərzdə binalar tikilirdi. Şəhər memarlığında yeni sosial-iqtisadi şəraitdə milli-romantik ruha yaxın tikililər ucalırdı. Onlardan biri də Bakının qədim və maraqlı guşələrindən birində yerləşən və xalq arasında “un kralı” adı ilə tanınan bakılı Ağabala Quliyevin evidir.

Paytaxtın Murtuza Muxtarov küçəsində yerləşən ev xüsusilə diqqəti cəlb edir. Bina 1899-cu ildə polşalı arxitektor Yevgeni Skibinski tərəfindən Quliyevin şəxsi sifarişi ilə tikilib və memarın yaradıcılığında mühüm əhəmiyyət tutmaqla, Azərbaycan milli memarlığının ən yaxşı nümunələrindən biri kimi dəyərləndirilir.

Həmin dövrdə yalnız Bakıda deyil, İran, Şimali Qafqaz və Rusiyada da dəyirmanları olan, tez-tez Qərbi Avropa ölkələrinə səyahət edən Bakının inhisar padşahlarından Ağabala Quliyev öz ərazisində yerli memarlığın milli ənənələrində ev inşa etdirməyi qərara alır. O, şəhər tikililərində istifadə olunan Avropa stilistikasına qəti etiraz edir. Buna görə də bina Şirvanşahlar sarayının və Ərəb Şərqinin memarlıq üslublarından istifadə edilməklə ərsəyə gətirilir.

Oxu.Az olaraq, evin hazırda hansı vəziyyətdə olduğunu, mövcud memarlıq xüsusiyyətlərinin hər bir detalını görməyə və göstərməyə qərar verdik.

Çox qənaətcil biri olduğundan Ağabala Quliyevin dəbdəbəli evləri yox idi və dövrün neft maqnatlarından fərqli olaraq milyonlarını dəyirmanlarından çıxarırdı. Milyonçu fərqini tikdirdiyi evində də ortaya qoyub. İçərişəhərdə də evi olan milyonçunun Bakıda yaşadığı yeganə dəbdəbəli bina elə Murtuza Muxtarov küçəsi 24 ünvanında yerləşir. Hazırda binada Azərbaycan Memarlar İttifaqı yerləşir.

Evin fasadının əsas hissəsi daş üzrə bədii oymalar ilə örtülüb və bu, yuxarıya doğru nahamar yarımgümbəzlərdə də davam edir. Binanın pəncərələri gözəçarpan oyuqlarla zəngindir.

Evə M.Muxtarov küçəsindəki əsas qapıdan giriş edirik və burada gözəl işlənmiş vestibüllə qarşılaşırıq. Vestibüldən birinci mərtəbədəki əsas dəhlizə və digər iki otağa qapı açılır.

Əvvəl binanın istifadəçiləri ilə danışdım. Məni Memarlar İttifaqında mühafizəçi Fuad bəy qarşıladı. Artıq gələcəyimi bilirdi. Bina haqda bir balaca müzakirə apardıq. Dərhal mənə evin ikinci mərtəbəsinə qalxmaq üçün istifadə edilən əsas vestibülü göstərdi. Möhtəşəm bir mənzərə idi.

Rəngləri, detalları, rəsmləri canlı görmək və toxuna bilmək tamamilə çox fərqli hiss etdirirdi…

İkinci mərtəbəyə qalxdıqca divarlarda zəngin işləmələrin və rəsmlərin fərqinə varmamaq qeyri-mümkündür.

Evin interyeri üzərində məşhur rus rəssamı Vladimir Durov işləyib. Binanın içərisini və otaqları bəzəmək isə rəssam Malova həvalə olunub. Onun yağlı boyalarla çəkdiyi rəsmlərdə Azərbaycanın milli ruhuna yaxın və məişət ənənələrinin təsviri əks olunub.

Pilləkənlərə paralel olaraq binanın digər küçəyə baxan hissəsindən də evə ikinci giriş var. Ümumiyyətlə binanın hər üç küçəyə baxan hissəsindən giriş və çıxış təmin edilib. Bu isə onun istənilən təhlükədən müdafiəsi üçün çox vacibdir.

İkinci mərtəbəyə keçid etmək üçün pilləkənlə irəlilədikcə ümumi tavanı iki hissəyə bölən və qabarıq işləmələri olan yarımdairəvi tağları, eləcə də tavana qədər işləmələrin və divar rəsmlərinin davam etdiyini görürük. İşıqlandırma mistik ab-havanı saxlamaqla divarlardakı detalları və rəsmlərdəki rəngləri aydın görməyi mümkün edəcək şəkildə tərtib olunub.

Binanın əsas otaqları bircərgəli düzbucaq şəklində tikilib. Ənənəvi planlaşdırma üsullarına riayət edilib. Onun tam təşkilati kommunikabelliyi və qonşu malikanələrdən ayrılığı təmin edilib.

Evdəki bütün pilləkən qəfəsləri mərmərdir. Pilləkən boyu davam edən məhəccərdə istifadə olunan naxışlar və onun qızılı rəngdə olması evin daxili dizaynı ilə həmahəngdir və onu tamamlayır.

İkinci mərtəbədəki keçiddən dar və uzun dəhlizə giriş edirik. Bu dəhlizdən ikinci mərtəbədəki bütün otaqlara giriş-çıxış var. Aşağıda olduğu kimi burada da dəhliz boyu şüşəbənd mövcuddur.

Evdəki ən böyük qonaqlama otağında əsas qapı ilə üzbəüz divarda milyonçu Ağabala Quliyevin portreti asılıb.

Öz dövrünün “dəyirmanlar kralı” adlandırılan Ağabala Quliyev 1862-ci ildə Bakının Keşlə kəndində dünyaya gəlib. 7-8 yaşından bazarda çalışan Ağabala erməni Tatausovun buxar dəyirmanında işə düzəlir. Burada fəhlə kimi çalışan 16 yaşlı Ağabala çox keçmədən sex müdiri təyin olunur. Çox qənaətcil birisi olduğundan qısa müddətdə xeyli sərmayə toplayır və özünə dəyirman alır. Quliyevin sərvəti günü-gündən artır. Hətta, daha sonra yanında çalışdığı erməni sahibkarın belə dəyirmanını ondan satın aldığı deyilir. Qısa müddətdə Quliyevə bu sahədə rəqib olmur.

O, mesenat-milyonçu idi. Xeyriyyə məsələlərinə kifayət qədər diqqət ayırırdı. 1905-ci ildə təşkil olunmuş Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk təsisçilərindən biri olan Ağabala Quliyev həm də ictimai xadim idi. 1878-ci ildə Bakıda ilk dəfə Şəhər Dumasına seçkilər keçiriləndə seçilənlər arasında Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Əjdər bəy Aşurbəyov, İsa bəy Hacınski ilə yanaşı, Ağabala Quliyev də var idi.

Belə… İkinci mərtəbədəki əsas otaqda qırmızı və qızılı tonlardan daha çox istifadə edilib. Burada da mürəkkəb həndəsi şəkilli iri oyuqlarla və ərəb tematikasında naxışlarla doldurulan yarımdairəvi tağlar mövcuddur. Tavanın bir hissəsində tamamilə qırmızı tonlardan istifadə edilib və bütün tavan yağlı boya ilə təsvir edilmiş rəsmlərlə zənginləşdirilib.

Otağın daha böyük hissəsini əhatə edən tavanda isə üstünlük qızılı tonlara verilib və eynilə burada da evin digər hissələrindəki kimi rəsmlərdə oxşar tematikalar əks olunub.

Burada diqqətimi çəkən əsas nümunələrdən biri də dekorlarla zəngin soba və ağ kirəmit plitələrlə üzlənmiş buxarı idi. Sobanın sağ küncündə qız uşağı, sol küncündə isə oğlan uşağı heykəlcikləri var.

Otaqların tavanlarında gözəçarpan işləmələr davam edir və onların heç biri digərini təkrarlamır.

Otaqlar arasında daxili qapılar çoxluq təşkil edir. Bir otaqdan iki istiqamətə qapı açılır. Elə otaqlar var ki, onlardan təkcə dəhlizə deyil, yanaşı otaqlara da giriş-çıxış mövcuddur. Dəhlizin sonundakı mərtəbənin ən kiçik otağına keçid etdim. Buradan otaqlararası simmetriyanın mükəmməl qurulduğu daha çox nəzərə çarpır.

Təəssüf ki, cihazımın enerjisi bitdi. Məcburən çəkməyi dayandırdım. Aşağı mərtəbəyə endim və çox qəribədir ki, bu zaman az öncə ikinci girişin vestibülündə görə bilmədiyim detalların da fərqinə vardım. Mütləq qayıtdıqdan sonra onları da çəkməli idim.

Birinci mərtəbədəki əsas otaqda cihazı yüklənməyə qoydum. Bu otağın tavanı digər otaqlarınkından fərqli olaraq bir qədər sadə idi.

Daha sonra birinci mərtəbədəki dəhliz boyu kiçik otaqları dolaşdım. Ölçülərinə görə ofis və ya yataq otaqlarını xatırladırdılar. Sadə və yığcam idilər. Bu zaman dəhlizin şüşəbəndindən həyətin bir divarını təşkil edən nəhəng güzgünün fərqinə vardım. Burada zirzəmiyə keçidi təmin edən dəmir pilləkən mövcuddur. Söhbət əsnasında evin mühafizəçisi Fuad bəy zirzəmidə çox maraqlı daş buxarının olduğunu dedi.

Bu arada Memarlar İttifaqının nümayəndəsi Namiq müəllimlə həmsöhbət olduq. O dedi ki, sovet dövründə evdə 6 ailə yaşayıb və onlar xoşbəxtlikdən evin dəyərini çox yaxşı başa düşüblər. Evin dəyərinin nə qədər ola biləcəyini düşünməyə başladım. Jurnalist instinktidir yəqin ki, soruşdum. Namiq müəllim dedi ki, bu evə dəyər biçmək düzgün deyil, o bahabiçilməzdir:

“Dəyəri ola bilməz bu evin. “Qiymət” sözü ola bilməz burada”. 

Ağlıma, bir vaxtlar evin söküləcəyi ilə bağlı iddialar gəldi. “Axı, bu cür evi kim sökmək istəyər ki?” – deyə düşündüm.

Aparatımı götürdüm. Yenidən yuxarı qalxdım, bir neçə foto çəkib zirzəmi qatına endim.

Zirzəmi kiçik oyuqları olan geniş bir sahəni əhatə edir. Xüsusilə burada daş buxarı diqqəti cəlb edən əsas guşə idi.

Ümumiyyətlə, evin hər bir otağında müəyyən qədər melanxolik ab-hava var. Əgər burada uzun illər yaşamalı olsanız, bu qabarıq işləmələr, rənglərin çoxluğu və paletlərin müxtəlifliyi beyninizi yora bilər. Bu, bəzilərinə bir balaca artıq gələ bilər. Amma istənilən halda 122 illik tarixi olan bu evi ilk görənlərə onu seyr etməsi inanılmaz zövq verə bilər.

Sağollaşaraq, evi tərk etdim…

Maraqlısı odur ki, Ağabala Quliyevə bu evdə son nəfəsinə qədər yaşamaq nəsib olmayıb. XX əsrin əvvəllərində Bakıda çevriliş olub və Ağabala Quliyev İranda ikən bolşeviklər hakimiyyətə gələrək şəhəri bir həftə talan ediblər. Əksər sahibkarların əmlakları müsadirə edilib, özlərini isə həbsə atıblar. Quliyevin də evi talan edilib və ailəsi çölə atılıb. Lakin, Ağabala Quliyev bir yolunu tapıb ailəsini İrana aparıb. Bir müddət Təbrizdə yaşayıblar. Sonra ailə Türkiyəyə gedib. İki qızı – Sara və Rübabə təhsil almaq üçün İstanbulda qalıblar. Ağabala Quliyev isə yoldaşı, oğlu Ağa İsmayıl və qızı Səriyyə ilə birlikdə Təbrizə qayıdıb. Onların hər üçü Təbrizdə vəfat edib və dəfn olunublar.

Göstərdikləri dəstəyə görə Azərbaycan Memarlar İttifaqına və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəriyə təşəkkür edirik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.