Zəfər Günü münasibətilə Ağdamda etüd-sərgi təşkil edildi (FOTOLAR)

Zəfər Günü münasibətilə ötən gün Ağdamda Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş “Vətənpərvərlik etüdləri” lahiyəsi çərçivəsində “Ağdamın mənzərələri” adlı etüd-sərgi təşkil edilib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin Ağdam Rayonunun İşğaldan Azad Edilmiş Hissəsində Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının 14 üzvünün əsərləri nümayiş olunub.
Sözügedən rəssamlar Təranə Musayeva, Mənsur Əsgərli, Minə Məmmədova, Sevinc Kərimova, Pərviz Mahmudov, İntiqam Cəfərov, Elçin Nəsirov, Hüseyn Haqverdiyev, Rəşad Cabbarov, Vüqar Əliyev, Həsənağa Məmmədov, Asif Rzayev, İsa Məmmədov və Misir Maxsudlu olub.
Sərgidə əsasən, ötən il işğaldan azad olunan guşələrimizin təsvirləri, Ağdam mənzərələri, tarixi abidələri və Azərbaycanın düşmən üzərindəki qələbəsini əks etdirən rəsm əsərləri yer alıb. Rəssamlar Ağdamın məşhur İmarəti, Çörək muzeyi, Dram teatrı, Cümə məscidi, Qiyaslı məscidindəki və Şahbulaq qalası ətrafındakı etüdləri təsvir ediblər.
Tədbir zamanı çıxış edən Prezidentin Ağdam Rayonunun İşğaldan Azad Edilmiş Hissəsindəki Xüsusi Nümayəndəsi Emin Hüseynov torpaqlarımızı 30 illik erməni işğalından azad edərək qazandığımız bu qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib və ürək sözlərini iştirakçılarla bölüşüb. Daha sonra isə tədbirə layihə və etüd rəhbərləri qismində qatılan Elnurə və Aygün İsgəndərovalar çıxış edib. Həmçinin Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Təxris olunmuş Hərbçilərin Gənclərin Maarifləndirmə Birliyinin Sədri Emin Həsənli də öz fikirlərini təşkilatçı və qonaqlarla bölüşüb.
Qeyd edək ki, sonda tədbir iştirakçılarına hədiyyə və diplomlar təqdim olunub.
Fotolar AzərTAc-ındır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.