Millimizin üzvü ayı bəsləyir: “Biz onu 2500 manata aldıq” – FOTO/VİDEO

“Pandemiyaya görə voleybol çempionatı keçirilmir, ona görə də hazırda idmanda deyiləm. Dostum brakonyerlərə qarşı heyvanların mühafizəsi ilə məşğuldur. Mən də hazırda ona kömək edirəm”.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, bunu kişilərdən ibarət voleybol millimizin üzvü Elmin Alışanov deyib.

Elmin hazırda Mərdəkan qəsəbəsində fəaliyyət göstərən “Period” deyilən yerdə heyvanların mühafizəsi ilə məşğuldur. O, “Barni” adı verilmiş ayı ilə görüntülərini paylaşıb.

Alışanov bu barədə danışıb: “Hazırda işsizəm. Ona görə də fəaliyyətimi heyvansevərliyə ayırmışam. İtlərin və bizdə olan ayının qidalanması ilə məşğulam. Buna görə mənə pul verilir.

Bu ayı balasını brakonyerlər satırdı. Onda iki aylıq olardı. Bizə xəbər verdilər ki, belə bir ayı satırlar. Anası ölmüşdü və ya ondan ayırmışdılar – bunu dəqiq bilmirəm. Biz 2500 manata onu aldıq. Ancaq eyni zamanda bunu satanlar barədə lazımi orqanlara məlumat verdik. Həmin adamlar tutuldu. Verdiyimiz pulu geri qaytardılar”.

Elmin Alışanovun sözlərinə görə, tezliklə “Barni”nin Altıağac Dövlət Təbiət Qoruğuna aparılacaq:

“İndi bu ayı 8-9 aylıqdır. Yaşı sərbəst yaşamağa imkan verdiyindən Xızıdakı Altıağac Qoruğuna aparacaqlar. Orada ayılar üçün şərait var. Bura tülkü, canavar, qartal, şahin kimi yaralı yırtıcı quş və heyvanlar gətiriləndə onlar burada müalicə olunur, daha sonra Altıağaca aparılır. Sahibsiz itlərə isə burada baxırıq”.

 

VİDEO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.