DİN-dən maaş artımı təklifi ilə bağlı AÇIQLAMA

Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev polislərin maaşının artması ilə bağlı təklif verib. Təklif cəmiyyətdə marağa səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Nazirlik tərəfindən maaşla bağlı təşəbbüs irəli sürülməyib:

“Dövlətimizin, xüsusən cənab Prezidentin hər zaman daxili işlər orqanlarının əməkdaşlarına göstərdiyi ali diqqət və qayğı hamıya məlumdur. Eyni zamanda, son iki ildə dünyada qlobal problemə çevrilmiş COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsiri, həmçinin zəfərlə başa çatan Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük vəsait tələb edən tikinti-quruculuq işlərini, şəhid ailələrinə, müharibə iştirakçılarına dövlətin göstərdiyi hərtərəfli diqqət və qayğını nəzərə alan, anlayışla qarşılayan hər bir Azərbaycan vətəndaşı kimi polis əməkdaşları da belə bir dönəmdə əməkhaqlarının artırılması barədə düşünməyib. Onlar ictimai asayişin və ictimai təhlükəsizliyin təmini, cinayətkarlığa qarşı mübarizə kimi çətin və şərəfli bir fəaliyyətin müqabilində dövlət büdcəsindən ayrılan əməkhaqqı və dövlət tərəfindən göstərilən diqqət və qayğı ilə kifayətlənirlər. Qürur hissi ilə qeyd edim ki, daxili işlər orqanlarının hər bir əməkdaşı əsl vətəndaş mövqeyi nümayiş etdirərək, bugünkü gündə dövlətimizin iqtisadiyyatının daha da güclənməsində və həyata keçirdiyi layihələrin tezliklə və müvəffəqiyyətlə reallaşmasında maraqlıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.