Səfir: “Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollar təşkil edəcək”

Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi pandemiyadan əvvəlki səviyyəyə yüksəlib və ilin sonuna kimi 3 milyard dollar təşkil edəcək.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov Rusiya şirkətlərinin Azərbaycanda biznes missiyasının açılışında çıxış edərkən bildirib.

Boçarnikovun sözlərinə görə, mühüm amil ticarətin “əsasən qeyri-neft sektorunun mövqeləri üzrə” aparılmasıdır: “Bu, çoxşaxəli qarşılıqlı fəaliyyət üçün kifayət qədər geniş imkanlar açır”.

Səfir vurğulayıb ki, hazırda Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı imkanlarının təkmilləşdirilməsinə böyük önəm verilir:

“Son illərdə kənd təsərrüfatı məhsullarının tədarükünə dəmir yolu nəqliyyatının cəlb edilməsi daha da güclənib. Baxmayaraq ki, əvvəllər əsas diqqət avtomobil nəqliyyatına yönəldilmişdi. Bizim nəqliyyat sistemlərimiz fəallaşır və burada biznes imkanlarına getdikcə müsbət təsir göstərir”.

Xatırladaq ki, 2020-ci ilin nəticələrinə görə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 11,6% azalaraq 2 milyard 671 milyon dollar təşkil edib. Azalma koronavirus pandemiyası ilə əlaqədar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.