Qarakənd faciəsindən 30 il keçir

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu “Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür.

BAKU.WS xəbər verir ki, Qarakənd faciəsindən 30 il ötür.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb. Vertolyotda olan 22 nəfərin hamısı həlak olmuşdur.

Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub. Əvvəlcə vertolyotun qayaya çırpıldığı deyilsə də, sonrada ermənilərin atəş açması ilə vurulduğu təsdiq edilmişdir.

Faciədən 30 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Terror aktının baş verdiyi ərazinin işğalı altında olması səbəbindən cinayət işi üzrə istintaq dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.