Mir Cəlal Paşayevin əsəri əsasında film çəkilib – VİDEO

Bu yaxınlarda qala gecəsi keçiriləcək “Nazik Mətləb” filminin treyleri tamaşaçılara təqdim edilib.

“Nazik Mətləb” filmi görkəmli azərbaycanlı yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilib. Ekran işində tələbəsinə aşiq olan, lakin dövrün qınağından ehtiyat edərək, işgüzar fəaliyyətinə kölgə salmamaq üçün sevgisini dilə gətirməyən müəllimin sevgi hekayəsindən danışılır.

Süjet xəttinə görə tərəflər nakam sevgidən qaçmağa çalışsa da, müxtəlif zaman kəsiyində və şəraitində yenidən görüşməli olurlar. Uzun illərin fasiləsinə baxmayaraq, onlar hər dəfə üz üzə gəlir və yenidən ayrılırlar. Lakin həyat hekayələrinin sonuncu görüşü çox unudulmaz və gözlənilməz olur.

Diqqətçəkən nüans isə ömrün dörd fəslində rastlaşan qəhrəmanların yaşlarına uyğun dəyişimləridir. Aktyorların gənclik və yaşlılıq dönəmi üçün seçilən obrazların hazırlanmasında xarici ölkədən dəvət olunmuş qrim ustaları çalışıb.

Filmdə baş rolları Əməkdar artist Gülzar Qurbanova və “Best Model of the World” müsabiqəsinin azərbaycanlı qalibi model Rüstəm Cəbrayılov canlandırıblar. Gülşad Baxşıyeva, Taleh Yüzbəyov, Sevinc Əliyeva, Nərmin Kərimbəyova, Şakir Əhmədzadə və digər aktyor heyətinin rol aldığı ekran işinin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradov, operatoru isə Rauf Qurbanəliyevdir.

“Caspian Media Group”un hazırladığı “Nazik mətləb” filminin layihə rəhbəri Hüseyn Cavadzadə, direktoru İrəm Laçındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.