“Saxta siqaret və alkoqol kənardan gətirilmir, zirzəmilərdə istehsal edilir” – Səfər Mehdiyev

“Qaçaqmalçılıq fəaliyyətinin mövcudluğunu heç kim inkar etmir.  Hesabatlarımızla tanış ola bilərsiniz, biz hər il ölkəyə qaçaqmal yolu ilə və saxta məhsulların daxil olmasının qarşısını alırıq.  Bəzən tütün məmulatları ilə dolu yük maşınlarını saxlayırıq”.

  • Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalist Eynulla Fətullayevə müsahibəsində deyib.

“Yeri gəlmişkən, ötən il ölkəyə qanunsuz yolla gətirilərkən müsadirə etdiyimiz bütün tütün məmulatlarını və dərman preparatlarını hərbçilərimizin ehtiyaclarının ödənməsi üçün Müdafiə Mazirliyinə təhvil vermişik”.

Komitə sədri qeyd edib ki, siqaret, alkoqol, dərman və qızıl məmulatlarının qaçaqmalçılığı ilə mübarizə bütün dünyada gedir:

“Bizi daha çox dəniz yolu ilə qaçaqmalçılıq narahat edir.  Mütəmadi olaraq balıqçı gəmilərində Azərbaycana adı çəkilən malların qanunsuz gətirilməsinə cəhdlər olur. Bu yaxınlarda DTX və Dövlət Sərhəd Xidməti ilə birlikdə Xəzərdə xüsusi əməliyyat keçirmişik, qaçaqmalçılıq kanallarını müəyyənləşdirmişik. Qaçaqmalçılar da dinc durmurlar, malların çatdırılmasının yeni yollarını və üsullarını axtarırlar.

Tam məsuliyyətlə bəyan edirəm ki, Azərbaycana gətirilən mallar gömrük skanerlərinin köməyi ilə yoxlanılır.  Son nümunələrdən biri: Yeni il ərəfəsində qanunsuz yolla ölkəyə gətirilməsinə cəhd olunan pirotexnika aşkarladıq. Bəzən qanunsuz daşınmanın bənzərsiz hiyləgər nümunələri ilə rastlaşırıq.  Təsəvvür edin, qaçaqmalçılar avtomobilin hava süzgəcində 34 kq qızıl gizlətməyə çalışıblar”.

Səfər Mehdiyev “Ölkəyə qaçaqmal yolu ilə gələn saxta məhsullarla mübarizəni kim aparmalıdır?” sualına belə cavab verib:

“Fiskal orqanlarının hamısı – gömrük komitəsi, vergi xidməti, həmçinin hüquq-mühafizə orqanları ticarətdə qaçaqmalçılıqla mübarizə aparır. Ancaq gəlin beynəlxalq statistikaya nəzər salaq.  Qaçaqmalçılıqla mübarizədə Azərbaycan ən yaxşı göstəricilərdən birini nümayiş etdirir.

Ölkəyə gətirilən alkoqol məhsullarının və tütün məmulatlarının cəmisi 2%-i qaçaqmalçıların payına düşür. Bu, cüzi rəqəmdir! Və sevindirici faktdır! Biz vergi xidməti və digər təsisatlarla birgə xüsusi əməliyyatlar keçiririk. Diqqətinizi vacib məsələyə yönəltmək istərdim. Saxta siqaret və alkoqol artıq ölkəyə kənardan gətirilmir, bu məhsullar Azərbaycanın özündə, zirzəmilərdə istehsal edilir.

Və biz bunu bilirik. Əlimizdə ciddi faktlar var. Azərbaycanda, zirzəmilərdə saxta alkoqol – viski, araq, konyak istehsal olunur…  Biz bununla mübarizəni davam etdiririk, bir neçə cinayətkar şəbəkəni zərərsizləşdirməyə müvəffəq olmuşuq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.