Bu gün parlamentin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Rəcəbov və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin iştirakı ilə media haqqında qanun layihəsinə dair fikir mübadiləsi aparılıb.

Görüş Zahid Orucun təşəbbüsü ilə keçirilib. O, görüşü açaraq bildirib ki, “dövlət reallıqda kütləvi informasiya vasitələrinin sağlam inkişafını istəyir”.

Fikir mübadiləsi zamanı media sahəsində həm dövlətin məqsəd və vəzifələrinə ümumi baxışın aspektlərinə, həm də qanun layihəsinin ayrı-ayrı müddəalarına, əsasən jurnalist və kütləvi informasiya vasitələri növlərinin statusu, kütləvi informasiya vasitələrinin vahid reyestri, vahid vəsiqə, İnternet-platformaya toxunulub.

Əhməd İsmayılov bildirib ki, qanun layihəsi dövlət tərəfindən kütləvi informasiya vasitələrinə nəzarət və idarəetmə məqsədi güdmür, rəqəmsal texnologiyaların, əsasən İnternetin inkişafı ilə bağlı yeni şəraitdə münasibətlərin qaydaya salınmasını nəzərdə tutur.

Eyni zamanda   Milli Televiziya və Radio Şurasının rəhbəri qeyd edib ki, bəzi ekspertlərin şərh etdiyi kimi, layihə İnternet-televiziyanın lisenziyalaşdırılmasını qarşıya məqsəd qoymur.

Öz növbəsində Mehman Əliyev deyib ki, Azərbaycanda informasiya cəmiyyətinin və sosial informasiya məkanının sürətli inkişafı şəraitində Azərbaycanın informasiya cəmiyyətinin inkişafının ümumi strategiyasını, o cümlədən media siyasətinin müxtəlif istiqamətləri üzrə proqramları işləyib hazırlamaq və yalnız bundan sonra bu məqsəd və vəzifələr üçün qanunvericilik bazasını formalaşdırmaq daha düzgün olardı.

“İnformasiya məkanı kütləvi informasiya vasitələrinin çərçivəsindən kənara çıxıb”,

– o qeyd edib.

Sonda hakimiyyət nümayəndələri media haqqında qanun layihəsilə bağlı müzakirə və təkliflərə açıq olduqlarını bildiriblər.

Nə baş verir: Media haqqında qanun layihəsi dekabrın 10-da parlamentdə açıqlanıb, kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının 70-ə yaxın nümayəndəsinin iştirakı ilə müzakirəsi keçirilib. Mehman Əliyev və bir sıra tənqidi fikirli jurnalistlər və ekspertlər həmin gün müzakirələrə dəvət edilməyiblər. Hökumət müzakirələri elə aparmağı planlaşdırır ki, qanun layihəsi 1 yanvar 2022-ci ildən qüvvəyə minsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.