“Vilayət Eyvazov dedi ki, Saleh Rüstəmov əfvə müraciət etsə, baxıla bilər”

“Vilayət Eyvazovla görüşdə Saleh Rüstəmovla bağlı məsələni də qaldırdıq”.

Bunu müxalif hüquq müdafiəçisi Rüfət Səfərov “Müdafiə xətti” təşkilatının Daxili işlər naziri Vilayət Eyvazovla görüşə dair keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, V.Eyvazov Saleh Rüstəmovun həbsdən buraxılmasının onun səlahiyyətində olmadığını bildirib:

“Nazirə bildirdik ki, Saleh bəyi polis saxlayıb, ittiham edib. Ondan xahiş etdik ki, Saleh Rüstəmovun azadlığa buraxılması məsələsini hökumətə bildirsin. Çünki o, Əfv Komissiyasının da üzvüdür. Eyvazov dedi ki, Saleh Rüstəmov əfv qaydasında müraciət edərsə, məsələyə baxıla bilər”.

Nə baş verib: Dünən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hüquq müdafiəçiləri – Rüfət Səfərov, Zəfər Əhmədov, Əlayif Həsənov və Zaur Əkbərlə görüşüb.

Bu barədə “Müdafiə Xətti” hüquq müdafiəsi təşkilatı məlumat yayıb. üç saat davam edən görüşdə nazir müavini general-leytenantı İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini polis polkovniki Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə edilib, hüquq müdafiəçiləri tərəfindən təkliflər irəli sürülüb, geniş fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.