Qafqaz-Avrasiya klubu “Zəngəzur dəhlizi” mövzusunda onlayn konfrans keçirib

2021-ci ilin dekabrın 14-də Qafqaz-Avrasiya ekspert klubunun onlayn konfransı keçirilib. Tədbirdə Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran ekspertləri iştirak ediblər. Müzakirənin əsas mövzusu “Zəngəzur dəhlizi – regionda bütün nəqliyyat əlaqələrinin blokadasının aradan qaldırılması: lehinə və əleyhinə” olub. Diskussiya iştirakçıları aşağıdakı mövzulara toxunmuşlar: Zəngəzur dəhlizinin geosiyasi əsasları və Rusiyanın təhlükəsizliyin təmin olunmasında rolu, Zəngəzur dəhlizinin Avrasiya inteqrasiyası layihələrində rolu, Zəngəzur dəhlizinin reallaşmasında tərəflərin iqtisadi maraqları, Azərbaycan – Ermənistan ikitərəfli əlaqələrinin ikitərəfli ticarət əlaqələri vasitəsilə bərpası, habelə, dəhlizin əks tərəfi – təhdidlər və s. Konfransı Geosiyasi analizlər mərkəzinin direktoru və İzborsk klubunun daimi üzvü V.Korovin açıq elan etmiş və moderatorluq etmişdir. Giriş sözü ilə Beynəlxalq Avrasiya Hərəkatı analitik şöbəsinin rəhbəri V.Kireev çıxış edib və tarixi xatırladıb. Məruzəçinin fikrincə, hələ sovet rəhbərliyinin etdiyi bir sıra ciddi səhvlər bugünkü ziddiyyətlərə səbəb olub. Onun fikrincə, nəqliyyat yollarının blokadasının aradan qaldırılması və inkişafı bütün region ölkələrinin marağındadır. Bununla yanaşı, dəhlizin beynəlxalq statusu müəyyən edilməlidir. Bunu o qüvvə edə bilər ki, Azərbaycan və Ermənistan arasında tərəf olmasın. Yalnız Rusiyaya hər iki tərəfin etibarı var”. Növbəti məruzəçiyə söz vermədən öncə, V.Korovin bütün tarix boyu sabitliyi pozan bütün qüvvələrin regiondan çıxarılmasının vacibliyini qeyd edib. “Əvvəllər bu, anqlosakson dünyası, İngiltərə idisə, indi bu ABŞ və onun müttəfiqləridir” deyə, o, vurğulayıb. Çıxış edən müstəqil politoloq, “İran- Ermənistan” etnolayihəsinin rəhbəri A.Gevorqyan bildirib ki, formulalar dəqiqləşdirilməlidir. “Dəhliz” ifadəsi doğru deyil və yəqin ki, hərbi-siyasi mətnaltını nəzərdə tutur. İnnovasiya İnkişafı İnstitutu Geosiyasi araşdırmalar mərkəzinin direktoru A.Radionov bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı hələ çox müzakirələrə ehtiyac var, çünki tərəflər hələ 10 noyabr sazişindən irəli gələn məsələlərin həllinə tam hazır deyil. “Məsələn, Zəngəzur dəhlizini kim inşa edəcək? Ermənistan bunu hansı vəsaitlə edə bilər? Əgər Azərbaycan və Türkiyə edəcəksə, hansı hüquqi əsasla başqa dövlətin ərazisində bunu həyata keçirəcəklər?! Bunun üçün beynəlxalq razılaşma olmalıdır”. Filologiya elmləri namizədi, politoloq, Rusiya Xalqlar Dostluğu Universitetinin baş müəllimi A.Həsənov qeyd edib ki, nəqliyyat dəhlizlərinin blokadasının aradan qaldırılması üç dövlət başçısının ideyasıdır və bunu şübhə altına almaq özü qeyri-etikdir. Bununla yanaşı, Azərbaycan və Türkiyənin AİB və Gömrük Birliyinə daxil olması zaman məsələsidir və cəmiyyətdə bunu dəstəkləyən xeyli qruplar var. Qafqazşünasların elmi cəmiyyəti saytının redaktoru, politoloq A.Areşev bildirib ki, Azərbaycan prezidenti qalib nöqteyi-nəzərdən çıxış edir və bu, məntiqlidir. Bununla yanaşı, danışıqlar prosesi qarşılıqlı faydalı, kompromis nəticələr əldə etmək üçün lazımdır. İqtisad Universiteti yanında Rus məktəbi dekan müavini A.Eyyubov isə çıxışında bildirib ki, istənilən dəhliz və nəqliyyat yolları xalqların zənginləşməsinə səbəb olur. Hər ölkədə əlbəttə müxtəlif qüvvələr var, lakin etiraf etmək lazımdır ki, Avrasiya inteqrasiyası burada müsbət rol oynaya bilər. “Vasti press” İran informasiya agentliyi baş redaktoru P. Neməti qeyd edib ki, nəqliyyat yollarının blokadasının qaldırılması müsbət amildir. İran üçün də sərnişinlərin və yüklərin Moskvadan Tehranadək çatdırılmasına imkan verən dəmir yolları vacibdir. Bu layihəyə hərbi-siyasi çalar vermək doğru deyil. Türkiyədən olan analitik M.Perinçek isə Qərbin roluna diqqət çəkib. Azərbaycan və Ermənistan, Rusiya və Türkiyə arasında münasibətlərin normallaşmasının Qərbin regionun suveren işlərinə müdaxiləsinə imkan verməyəcəyini vurğulayan Perunçekin fikrincə, nəqliyyat yollarının blokadasının qaldırılması və inteqrasiyanın dəstəklənməsi vacibdir. Onlayn konfransa yekun vuran V.Korovin sonuncu məruzəçinin o fikri ilə razılaşdığını qeyd edib ki, regionda sülh və rifah yalnız Qərb ölkələrinin uzaqlaşdırılmasından sonra mümkün ola bilər. O, həmçinin Ermənistandan olan ekspertlərin Zəngəzur dəhlizinin reallaşmasının regionda Türkiyə və Azərbaycanın rolunun artması ilə bağlı narahatlığının əsassız olduğunu vurğulayıb. O, bütün bölgə ölkələrinin bundan faydalanmaq imkanlarının olduğunu nəzərə çarpdırıb. “Azerbaycan AİB üzvü olmasa da, bu dəhliz vasitəsilə regionda öz iqtisadi maraqlarını təmin edə bilər” deyə, o, qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.