Aksiya zamanı polislər jurnalistə xəsarət yetiriblər

Dekabrın 28-də jurnalistlərin parlamentin binası qarşısında keçirdikləri aksiya zamanı polis əməkdaşları iştirakçılardan birinə, Nərgiz Absalamovaya ciddi xəsarət yetiriblər.

Videogörüntülərdən məlum olur  ki, polis qadın jurnalistin üzünə vurur  və onu itələyir. Nəticədə Nərgiz Absalamova yerə yıxılıb və büzdüm sümüyü sınıb.

Həkimlərin rəyinə görə, qırılmış sümük çanaq əzələsinə zərər verib.

Aksiya zamanı qadın polis boğazımdan yapışaraq məni itələdi.  Eyni zamanda o biri polislər digər jurnalistləri itələdilər və biz yol kənarındakı bordürün üzərinə yıxıldıq və arxası üstə düşdük. Mən güclü zərbə aldım. Müayinədən sonra həkim üçhəftəlik yataq rejimi yazıb”,

-jurnalist Turan agentliyinə bildirib.

Zərərçəkənin vəkili Zibeydə Sadıqova bildirib ki, bu fakt üzrə Travmatologiya İnstitutunun yazılı rəyi var.

Bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Ombudsman Aparatına yazılı sorğular göndərilib.

Şikayətdə çevik polis alayının əməkdaşının  jurnalistə xəsarət yetirməsi faktı üzrə üzrə cinayət işinin açılması və günahkarların məsuliyyətə cəlb edilməsi tələb olunub, vəkil deyib.

Daxili İşlər Nazirliyi nə deyir: Mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Bundan öncə bu bölmənin rəhbəri Ehsan Zahidov bildirib ki, aksiya zamanı  jurnalistlərdən heç kim xəsarət almayıb.

Nə baş verib: Dünən onlarla jurnalist parlamentin “Media haqqında” yeni qanunu qəbul etməsinə etiraz edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.