“Media haqqında” qalmaqallı qanun qəbul edilib

Dekabrın 30-da Milli Məclis plenar iclasında “Media haqqında” qalmaqallı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Deputatlar çoxsaylı jurnalist və KİV-lərin etirazlarını və zəruri dəyişiklikləri etmək tələblərini nəzərə almayıblar.

Eyni zamanda, sənədin ümumi xarakterinə heç bir təsir etməyən bir sıra əhəmiyyətsiz əlavələr edilib.

Belə ki, sənədin 13-cü maddəsinə media subyektlərinin informasiya agentliklərinin məlumatlarından istifadə zamanı istinad göstərmək öhdəliyi əlavə edilib.

14-cü maddədə “faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir” cümləsində media nümayəndələrinin təklifi ilə “şərh olunmalı” sözləri “təqdim olunmalı” sözləri ilə əvəzlənib.

Nəhayət, 30-cu maddəyə belə bir əlavə olunub: “Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər”.

Beləliklə, prinsipial olaraq heç nə dəyişməyib. Qanun jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin hüquqlarını xeyli məhdudlaşdıracaq. Demək olar ki, istənilən video və ya fikrin nəşri, eləcə də şəxsi fikrin bildirilməsi qanun pozuntusu kimi şərh oluna bilər.

“Sərhədsiz Reportyorlar” “Media haqqında” qanunun qəbul edilməsini pisləyiblər

“Azərbaycan parlamenti indicə mətbuatın müstəqilliyini məhv edən qanun qəbul edib!

Bu qanuna yenidən baxmağa çağıran “Sərhədsiz Reportyorlar” Avropa Şurasının Jurnalistlərin Müdafiəsi və Təhlükəsizliyi Platformasının (Council of Europe Platform for the Protection of Journalism and Safety of Journalists) Avropa İnsan Hüquqları Konvensiyasını pozan bu qanunu yenidən yazmağı tələb etməsində israr edir”.

  • Bu barədə “Sərhədsiz Reportyorlar” öz Tvitter səhifəsində yazıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.