Deputatlar və alimlər Ramiz Mehdiyev əleyhinə çıxış ediblər

Milli Məclisin deputatı, pedaqoq Etibar Əliyev Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, elmlər doktoru Kərim Şükürovun vəzifədən istefa barədə ərizəsini dəstəkləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin elmi-tədqiqat müəssisəsinin işinin pozulmasına görə təhqiramiz tənqidindən sonra Şükürov Akademiyanın Rəyasət Heyətinin iclasında direktor postundan istefa verdiyini bildirib.

Şükürov Azərbaycan Milli Elmlər Akademiyasının prezidentini səriştəsiz və qeyri-peşəkar, koronavirus infeksiyasına yoluxduğu zaman institutun direktorunun səhhətilə maraqlanmayan qeyri-humanist rəhbər adlandırıb.

“Onun qeyri-peşəkarlığını bir kənara qoyuram, ancaq Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Tarix İnstitutunun 2021-ci il üçün hesabatını bir dəfə də oxumayıb. Əgər sizin fikrinizcə, Tarix İnstitutu pis işləyibsə, o zaman bu hesabat haradan gəldi?”,

– Şükürov soruşub.

Təəssüflə deməliyəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti intellektual dialoq aparmaq bacarığı ilə fərqlənmir, intriqaları qızışdırır, onları Akademiyanın gündəliyinə çevirir, – Kərim Şükürov bəyanatında əlavə edib.

“Təşəkkür edirəm, Kərim müəllim. Elm adamı belə qətiyyətli olmalıdır”, – deputat Etibar Əliyev yanvarın 21-də sosial şəbəkədəki səhifəsində institut direktorunun sözlərini qiymətləndirib.

Yanvarın 18-də Əliyev Facebookda yazıb:

“Ramiz Mehdiyev Milli Elmlər Akademiyasını bataqlığa çəkir. İnstitut direktorları ilə rayonların icra hakimiyyəti başçıları kimi davranır. Onları qorxudur. Mehdiyev ixtisasca filosofdur, Prezident Administrasiyasında işləyərkən onun adından nəşr olunan kitabların yazılmasını sifariş edib, halbuki, özünün fəlsəfi bilikləri çox aşağı səviyyədədir. Hətta Akademiyanın kiçik elmi əməkdaşları ilə fəlsəfəni müzakirə  edə bilməz”.

Əliyev Mehdiyevin qızının və xanımının Bakı Dövlət Universitetində kadr karyerasından da yazır. Bu şəxslərin uğurlarının arxasında Mehdiyevin universitet rəhbərliyinə təsiri dayanır.

Deputat Turan ilə telefon söhbətində Facebookdakı fikirlərini təsdiqləyib.

Yanvarın 20-də deputat Fəzail Ağamalı mətbuatda Mehdiyevə Azərbaycan Milli Elmlər Akademiysının prezidenti postunu tərk etmək çağırışı ilə çıxış edib: “Bəsdir, paltonu götür və get”, – Tarix İnstitutunun direktorunun müdafiəsinə qalxan deputat Mehdiyevə səslənib.

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun şöbə müdiri İdris Abbasov da mətbuatda bəyanatla çıxış edib. Onun sözlərinə görə, o, Dilçilik İnstitutunda maliyyə oğurluğu, alimlər arasında plagiatla bağlı Akademiyanın prezidentinə məlumat verib. Lakin onun ittihamları ilə əlaqədar Akademiyada araşdırmalar aparılmır.

Adətən Ramiz Mehdiyev Akademiyanın saytında öz bəyanatları ilə operativ reaksiya verir. Hələlik science.gov.az saytında Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin bəyanatı dərc olunmayıb. Akademiyanın prezidenti ilə əlaqə saxlamaq mümkün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.