Yunis Səfərov aclığa başlayıb

Yanvarın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə Yunis Səfərov və digər 11 nəfərin cinayət işi üzrə apellyasiya baxışı davam edib.

Məhkəmə iclası zamanı Yunis Səfərov 3 gündür aclıq aksiyasına başladığını bildirib.

Vəkil Bəxtiyar Hacıyev deyib ki, Yunis Səfərovun aclıq etməsinin səbəbi Gəncə hadisələrilə bağlı digər şəxslərin barəsində ədalətsiz məhkəmə hökmləridir.

“Müdafiə etdiyim Yunis Səfərov hesab edir ki, həmin şəxslərlə bağlı məhkəmə hökmləri ədalətsizdir. Çünki həmin şəxslər bilavasitə onunla birgə hadisələrdə iştirak etməyiblər. Onların silahı olmayıb. Yunis Səfərov cinayəti törətmək üçün bir müddət silah axtarıb, tapa bilməyib. Daha sonra bir polisə hücum çəkərək onun silahını əlindən alıb və cinayəti törədib. Həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəməsində bildirmişdilər ki, əgər onun əlində başqa silahlar olubsa və belə bir mütəşəkkil dəstə vardısa, bunlar niyə  cinayəti müstəqil olaraq törətməyiblər”,

– vəkil  Hacıyev deyib.

Məhkəmə prosesində mühakimə olunan şəxslərdən Firuddin Zeynalov, Mahir Əzizov və Vüqar Məmmədov çıxış ediblər. Onlar özlərini təqsirli bilmədiklərini və bütün ittihamların əsassız olduğunu bildiriblər.

Növbəti məhkəmə iclası fevralın 9-dək təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.