Almaniyadan deportasiya edilmiş iki fəal narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar

Ötən il noyabrın 24-də Almaniyadan readmissiya ilə qayıtmış fəal Cəfər Mirzəyev külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

O, yanvarın 27-də Bakının Ramana qəsəbəsində mülki geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. Bu barədə Turan-a onun qardaşı Vüsal Mirzəyev bildirib.

Üç gündən sonra doğmaları biliblər ki, Sabunçu Rayon Məhkəməsi Cəfər Mirzəyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Vüsal Mirzəyevin sözlərinə görə, qardaşı 2014-cü ildə qazanc məqsədilə Almaniyaya gedib. Hər hansı siyasi partiyanın üzvü olmadan siyasi mühacirlərin etiraz aksiyalarında fəal iştirak edib və “Demokratik Azərbaycanı seç” təşkilatına daxil olub. O, Azərbaycandakı siyasi məhbusların azad edilməsi tələbilə keçirilən aksiyalarda iştirak edib.

Noyabrın 24-də Mirzəyev ailəsilə birlikdə Bakıya deportasiya olunub. Vəkil Nemət Kərimli Turan-a bildirib ki, yanvarın 31-də o, Mirzəyevin hüquqlarının müdafiəsinə qoşulub və apellyasiya şikayəti verib.

Polisin məlumatına görə, Cəfər Mirzəyevdən 12 qram heroin və 4 qram narkotik tərkibli dərman aşkar edilib. Mirzəyevi 5 ildən 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

Öz növbəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası həmin partiyanın üzvü Pünhan Kərimlinin  234.4.3-cü maddə ilə həbs edildiyini bildirib. O da bir neçə ay öncə  Almaniyadan deportasiya olunub və yanvarın 25-də Bakıda metronun “Nərimanov” stansiyasının yaxınlığında saxlanılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında qeyd ediblər ki, Kərimli Avropada azərbaycanlı siyasi mühacirlərin keçirdiyi etiraz aksiyalarının fəal iştirakçısı olub.

Sözügedən şəxslərlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Almaniyadan deportasiya olunmuş fəallar Malik Rzayev və Mütəllim Orucov da 2021-ci ilin oktyabrında narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.