Hafiz Məmmədov ev dustaqlığına buraxılıb

Sahibkar Hafiz Məmmədov ev dustaqlığına keçirilib. Bu qərarı bazar ertəsi müdafiə tərəfin vəsatətini təmin edən Yasamal rayon məhkəməsinin hakimi Hüseyn Səfərov qəbul edib.

Məmmədov ötən cümə axşamı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin təqdimatı əsasında həbs edilib. O, rəhbərlik etdiyi vergi və icbari dövlət sığortası üzrə sosial ödənişləri ödəməkdən yayınmaqda ittiham olunur.

Vəkil Orxan Cəfərbəylinin Turan-a verdiyi məlumata görə, yığılmış məbləğin yarısı – 600 min manat artıq ödənilib. Məmmədov qalan məbləği də ödəmək öhdəliyi götürüb.

Bir müddət əvvəl KİV-lər Məmmədovun ümumi borcunun 1,4 mln. manat olduğu barədə məlumat yaymışdı.

* Əslən Naxçıvandan olan Hafiz Məmmədov 1990-cı illərdən bizneslə məşğul olub. O, hazırkı hakimiyyətə yaxınlığı ilə tanınır.

2003-cü ildən “Baghlan Group FZCO” holdinqin prezidentidir.

2004-cü ildə “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildə Milli Futbol Assosiasiyası İcraiyyə Komitəsinin üzvü olub.

2013-2015-ci illərdə İspaniyanın “Atletiko” Futbol Klubunun sponsorlarından biri olub. Klubun oyunçuları matçlara üzərində “Land of fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) yazısı olan köynəklərlə çıxıblar.

2013-cü ildə Fransanın ikinci liqasında çıxış edən “Lans” klubunu alıb. Lakin sonradan komandanı saxlamaq iqtidarında olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.