Polad Aslanov Ali Məhkəməni onun işi üzrə prosesin açıqlığını təmin etməyə çağırıb

Həbsdə olan xeberman.com saytının redaktoru Polad Aslanov fevralın 3-də Ali Məhkəmədə kassasiya şikayətinə baxılması ərəfəsində prosesin açıq keçirilməsini təmin etməyə çağırıb.

Onun Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə, habelə prosesə sədrlik edən hakim Hafiz Nəsibova müraciətində deyilir:

“Mən hər zaman məhkəmə proseslərimin tam şəkildə açıq keçirilməsini iştirak etmək istəyən hüquq müdafiəçilərinin, media nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin prosesdə iştirakına tam şərait yaradılmasını xahiş etmişəm.

Amma təəssüflər olsun ki, hər zaman problem yaradılıb.

Artıq pandemiya qaydalarında yumşalmalar var və karantin müddəti 7günə endirilib.

Mən xahiş edirəm ki, sabah Ali Məhkəmədə keçiriləcək prosesimdə maneəsiz olaraq hüquq müdafiəçilərinin, media nümayəndələrinin və ictimaiyyət nümayəndələrinin iştirakına şərait yaradılsın.

İştirak etmək istəyən hüquq müdafiəçilərindən, müstəqil media nümayəndələrindən və ictimaiyyətdən isə xahişim odur ki, şəxsiyyət vəsiqələrini özləri ilə götürsünlər, pandemiya qaydalarına tam şəkildə əməl etsinlər.

Mənim əməlimdə cinayət tərkibi yoxdur.

Bu günə qədər nə istintaq orqanı, nə də məhkəmə prosesi mənim “cinayət” əməlimi sübuta yetirə bilib.

Mən Ali Məhkəmədən işimə tam ədalətlə baxılmasını, Azərbaycan Respublikasının Bayrağı altında, Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar verilməməsini xahiş və tələb edirəm”.

Məhkəmə iclası cümə axşamı saat 10.00-a təyin edilib.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
“Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə qurumları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırıblar.

Yanvarın 6-dan o, işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbi ilə aclığa başlayıb.

Aclıq aksiyasının 9-cu günündə Ali Məhkəmə Aslanovun şikayətinə baxılmasını fevralın 3-nə təyin edib.

Yanvarın 25-də, aksiyanın 20-ci günündə jurnalist həkimlərin israrı ilə aclığı dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.