Erməni hərbçilər Fransaya məxsus hərbi təyyarədə gediblər
Fransa prezidenti Emmanuel Makron fevralın 7-də erməni hərbçiləri Bakıdan Yerevana aparan hərbi-nəqliyyat təyyarəsinin (Fransaya məxsus) fotolarını dərc edib.
“Bir neçə aydan sonra səkkiz hərbçi öz ailəsi ilə görüşəcək. Bizim diplomatlara, həmçinin bu əməliyyat üçün səfərbər olunmuş hərbçilərimizə təşəkkür edirəm. İrəli!”, -Makron Tvitter hesabında yazıb.
NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina bu gün Azərbaycanın 8 erməni hərbçini azad etməsini alqışlayıb.
“Bu, həqiqətən yaxşı xəbərdir”, – Kolomina Azərbaycanın 8 hərbçini Ermənistana verməsi barədə yazıb.
“NATO bizim həm Ermənistanla, həm də Azərbaycanla tərəfdaşlığımızı qiymətləndirir və onlar arasında münasibətlərin normallaşmasını dəstəkləyir ki, bu da regionda sabitliyə və çiçəklənməyə kömək edəcək”, – Kolomina qeyd edib.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu gün səkkiz erməni hərbçinin azad edilməsini alqışlayıb.
“Azərbaycanın saxlanılan səkkiz ermənini azad etməsi və Ermənistana verməsi Fransa prezidentinin Ermənistanın baş naziri Paşinyan və Azərbaycan prezidenti Əliyevlə görüşündən sonrakı müsbət inkişafın növbəti əlamətidir.
Avropa İttifaqı bu regionda sabitlik və çiçəklənməni dəstəkləyir”, – Mişel Tvitter hesabında yazıb.
Öz növbəsində, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Tvitterdə yazıb ki, Azərbaycanın saxlanılan erməniləri azad etməsini alqışlayır. “Bu, cümə günü Emmanuel Makron, Nikol Paşinyan, İlham Əliyev və Şarl Mişel arasında dördtərəfli görüşdən sonra baş vermiş mühüm humanitar jestdir”, – Klaar qeyd edib.