Qalmaqallı deputat Mətbuat Şurasından istefa verib

Parlamentin deputatı, adı korrupsiya qalmaqalında çəkilən Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasından istefa verib. Bu barədə Feyziyev Facebook səhifəsində yazıb. O, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşova müraciətini yerləşdirib.

Feyziyev müraciətində yazır ki, Facebook-dakı əvvəlki statusunda mətbuatda öz ünvanına dərc olunan tənqidi məqalələrə cavab verib.

“Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm”, – deputat yazır.

Sonra yaranmış vəziyyətə və həddindən artıq məşğul olmasına əsaslanaraq Mətbuat Şurası üzvlüyündən istefa verdiyini bildirir.

Xatırladaq ki, Feyziyevin ətrafında qalmaqal bir neçə gün öncə başlayıb. Britaniya mətbuatı ölkədə Feyziyevə məxsus banklardakı hesablardan 5,6 milyon funtun qanunsuz sayılaraq müsadirə edilməsilə bağlı Milli Kriminal Agentliyin məruzəsini dərc edib.

https://turannews.com/ext/news/2022/1/free/Social/ru/978.htm/001

Azərbaycan mətbuatı bu hadisəni geniş işıqlandırıb, deputatda bu qədər vəsaitin haradan olması, niyə xarici banklarda yerləşdirilməsi və qanunla qadağan edildiyi halda, deputatın niyə bizneslə məşğul olması barədə suallar ünvanlayıb. Bundan əlavə, Britaniya banklarında müsadirə edilməyən daha 10 milyon funt qalır.

Bu nəşrlər Feyziyevi qəzəbləndirib, o, Azərbaycan KİV-ni və ayrı-ayrı jurnalistləri satqınlıqda və alçaqlıqda ittiham edib.

Eyni zamanda, deputat qeyd edib ki, onun bütün gəlirləri qanunidir və biznesi şəffafdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.