Qafqaz Müsəlmanları İdarəsi səlahiyyətlərini itirməyə davam edir

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikər zərurəti qanunun Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin yeni çağırışlarına uyğunlaşdırılmasından irəli gəlib. Bu barədə Turan agentliyinə Milli Məclisin sədr müavini Fəzail İbrahimli qanuna birinci oxunuşda qəbul edilmiş dəyişiklikləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu sahədə köklü dəyişikliklər 2021-ci ildə edilib, indi isə 5 maddədə dəyişikliklər təklif edilir.

Bu dəyişkliklərdə diqqəti cəlb edən əsas məsələ dini icma rəhbərlərinin təyin olunmasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqdimat vermək səlahiyyətinin ləğv olunmasıdır.

“Dini icma rəhbərlərini onsuz da Komitə təyin edirdi, ona görə də təqdimata ehtiyac yoxdur”, deyə vitse-spiker qeyd edib.

İbrahimli bu dəyişikliyin QMİ-nin səlahiyyətlərini məhdudlaşdıracağı fikri ilə razı deyil.

Yanvar ayının 27-də QMİ sədri Şeyxülislam Allahükür Paşazadə təklif olunan dəyişiklikləri “dini sahədə islahatların davam etdirilməsi” kimi dəyərləndirib, deyə vitse-spiker qeyd edib.

Bu səlahiyyətlər dini mərzkəz olaraq QMİ-dən dövlət qurumuna ötürülüb və bundan sonra QMI sırf dini fəaliyyətlə məşğul olacaq.

Din sahəsində ekspert Kənan Rövşənoğlu isə deyir ki, icra hakimiyyəti dini sahəyə təsirini və bu sahədə iştirakını 6 ildən çoxdur ki, artırmaqda davam edir. Buna səbəb hökumətin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) situasiyaya tam nəzarət edə bilməməsi düşüncəsində olmasıdır.

Göründüyü qədər, Azərbaycan Türkiyənin bu sahədəki təcrübəsini mənimsəyir.

“Azərbaycan bu sahədə mahiyyətcə Türkiyədəki dövlət-din münasibətlərinə yaxın bir model yaradılır”, Rövşənoğlu belə hesab edir.

İndiyə kimi dini təhsil, dini icmaların maliyyələşdiirlməsi QMİ vasitəsilə icra edilirdi, sonradan bu səlahiyyətlər dövlət orqanlarına keçdi. 2018-ci ildə İlahiyyat İnstitutu yaradıldı, QMİ-nin tabeliyində olan Bakı İslam Universitetinin fəaliyyəti dayandırıldı.

Qanuna indiki dəyişikliklər isə QMİ-ni məscidlərə imamları təyin etmək hüququndan məhrum edir.

“İndiki halda QMİ yalnız dini bayramlarla bağlı fətfalar verəcək, onun başqa səlahiyyəti qalmır”, deyə o bildirib.

Eyni zamanda, regionlarda nümayəndəlikləri olan Qazilər Şurasının taleyi aydın deyil. Hələlik bu şuranın üzvlərini kimin təyin edəcəyi aydın deyil, deyə Rövşənoğlu bildirib.

Xatırladaq ki, Milli Məclisin 2022-ci il fevralın 1-də keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.