Jurnalistləri Müdafiə Komitəsi: Azərbaycanda media haqqında yeni qanun mətbuat üçün məhdudiyyətləri sərtləşdirir

Azərbaycan hakimiyyəti bu yaxınlarda qəbul olunmuş və mətbuat üzərində dövlət nəzarətini gücləndirən media haqqında qanunu ləğv etməlidir. Bu barədə cümə axşamı Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir.

Fevralın 8-də prezident İlham Əliyev “Media haqqında” qanunu qəbul edib. Yeni qanun KİV-in  fəaliyyətini tənzimləyən mövcud qanunları əvəzləyir. Yeni qanun KİV sahiblərinin ölkədə daimi yaşayan Azərbaycan vətəndaşları olmasını tələb edir (əgər onların nəşrləri əsasən Azərbaycan auditoriyasına xidmət göstərirsə).

Əgər KİV-in xarici maliyyələşdirməni qəbul etdiyi və ya onun rəhbərinin qanunun tələblərinə uyğun olmadığı məlum olarsa, onun fəaliyyəti iki ay müddətinə dayandırıla bilər. Dəfələrlə pozuntuya görə KİV bağlana bilər.

Bu məhdudiyyətlər çap, onlayn və yayım nəşrlərinə, həmçinin İnternetdə “audiovizual materiallar” dərc edən istənilən şəxsə və ya qrupa tətbiq edilir.

Beləliklə, Azərbaycanın bir çox müstəqil jurnalisti xaricdə fəaliyyət göstərir və sosial şəbəkələrdə öz işlərini dərc edənlər bundan sonra hədəf olacaqlar.

“Azərbaycanın yeni media qanunu qeyri-müəyyənliklər və ağır tələblərlə doludur, görünür, qəsdən ölkəni işıqlandıran azad medianın qalan son dayaqlarını hədəfə almağa hesablanıb”, – Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said deyib.

“Prezident İlham Əliyev bu qanunu təqdir etməməliydi və indi hakimiyyət onun ləğvi  üzərində işləməli və ondan mətbuata qarşı istifadə olunmamasına zəmanət verməlidir”, –  o deyib.

Çap mediasının, xəbər agentliklərinin və xəbər saytlarının fəaliyyətinin dayandırılması və bağlanmasına Azərbaycan məhkəmələri tərəfindən qərar veriləcək. Prezident tərəfindən təyin olunan yeddi nəfərdən ibarət yeni Audiovizual Şura İnternetdə “audiovizual material”ı  dərc edənlərə nəzarət edəcək.

Qanun həmçinin “media orqanı” ifadəsini “media subyekti” ilə əvəz edir və bununla da hakimiyyət orqanlarına korporativ media qurumları ilə yanaşı fiziki şəxsləri də hədəf almağa imkan verir.

Yeni qanunu müşayiət edən prezident fərmanına əsasən, hakimiyyət “hadisələri obyektiv işıqlandırmayan”, ədəbsiz ifadələrə və ya dövlət simvollarına hörmətsizliyə yol verən, şayiələr yayan nəşrlər üçün cərimələrdən tutmuş qısamüddətli həbs, fəaliyyəti dayandırma və bağlanmaya qədər ayrıca cəzalar hazırlayır.

Qanun həmçinin KİV və jurnalistlərin dövlət reyestrini, habelə dövlət tərəfindən verilən mətbuat kartını müəyyən edir. Reyestrə daxil edilmək üçün jurnalistlərin ali təhsili olmalı, frilanserlər istisna olmaqla, ən azı üç il iş stajı və əmək müqaviləsi olmalıdır. Yeni mətbuat kartını yalnız qeydiyyatdan keçmiş jurnalistlər ala biləcəklər ki, bu da onlara dövlət orqanlarında akkreditasiya almağa və dövlət tədbirlərində iştirak etməyə imkan verir.

Qanunda həmçinin deyilir ki, xəbər saytları gündə ən azı 20 xəbər dərc etmədikləri təqdirdə qeydiyyatdan çıxarıla bilər və buraxılan məhsulların həcmini artırmasalar bağlana bilər.

Komitə şərh üçün Medianın İnkişafı Agentliyinə, parlamentə və Prezident Aparatına müraciət edib, lakin heç bir cavab almayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.